Burun Çəpəri Əyriliyi:
Burun çəpəri əyriliyi nədir, niyə yaranır, nəfəs problemində nə kimi rolu var, hər zaman əməliyyat olunmalıdırmı, burun çəpər əməliyyatı olsam burnumdakı əyrilik düzələcəkmi, KT müayinəsində olmuşam çəpərim əyridir diaqnozu qoyulub əməliyyat olmağım mütləqdirmi, nəfəs probleminin səbəbi hər zaman çəpər əyriliyidirmi, baş ağrılarımın səbəbi çəpər əyrili ola bilərmi və s kimi suallara aşağıda cavab tapa bilərsiniz.
Burun çəpəri niyə əyilir?
- Septum əyriliyinin yalnız bir səbəbi yoxdur. Bəzi insanlarda septumun formalaşması uşaqlıq dövründən etibarən asimmetrik olur. Digər hallarda isə buruna alınmış travmalar nəticəsində septumun qığırdaq və sümük hissələrinin mövqeyi dəyişir. Travma hətta illər əvvəl baş vermiş ola bilər və pasiyent onu xatırlamaya bilər.
- Yaşla burun strukturlarında baş verən dəyişikliklər də mövcud anatomik asimmetriyanın klinik olaraq daha nəzərəçarpan olmasına səbəb ola bilər.
- Buna görə “burnum əvvəllər normal idi, sonradan çəpərim əyildi” deyən pasiyentdə də yalnız bir səbəb düşünmək düzgün deyil.
⸻
Hər çəpər əyriliyinə əməliyyat lazımdırmı ?

- Xeyr. Bu, pasiyentlərin ən çox səhv başa düşdüyü məsələlərdən biridir. Əgər septum əyridirsə, lakin insan rahat nəfəs alırsa və əyrilik heç bir əhəmiyyətli şikayət yaratmırsa, sırf görüntüdə əyrilik olduğu üçün əməliyyat mütləq lazım deyil. Simptomsuz septal əyriliklərdə müalicə tələb olunmaya bilər.
- Əməliyyat qərarı əsasən aşağıdakılara görə verilir:
• burundan nəfəsalmanın çətinliyi;
• simptomların davamlılığı;
• həyat keyfiyyətinə təsir;
• digər burun patologiyalarının olub-olmaması;
• konservativ müalicənin nəticəsi;
• anatomik problemin xarakteri kimi narahatlıqlar birlikdə qiymətləndirildikdən sonra verilir.
⸻
Çəpər əyriliyi nəfəsalmanı necə pozur?
- Septum bir tərəfə əyildikdə burun boşluqlarından biri darala bilər. Lakin məsələ sadəcə “sağ tərəf daraldı, sol tərəf açıq qaldı” qədər sadə deyil. Burun daxilində hava axını çox mürəkkəbdir. Septumun əyriliyi:
• hava keçidinin geometrisini dəyişə;
• daralmış sahədə hava axınının xüsusiyyətlərini dəyişdirə;
• digər tərəfdəki burun strukturlarının nisbi mövqeyinə təsir edə;
• burun turbinatlarının vəziyyəti ilə birlikdə ümumi hava keçidini azalda bilər.
Vacib diqqət olunası məqam budur ki, buna görə eyni dərəcədə görünən iki septum əyriliyi iki fərqli insanda tamamilə fərqli simptomlar yarada bilər.
⸻
“Məndə çəpər sağa əyridir, amma sol tərəfim tutulur” — bu mümkündürmü?

- Bəli. Bu vəziyyət pasiyentlər üçün çox vaxt anlaşılmaz görünür. Burun tənəffüsündə nasal cycle burun sikli adlanan fizioloji proses mövcuddur. Burun boşluqlarından birində selikli qişanın qanla dolması və digər tərəfdə azalması nəticəsində hava axınının dominant tərəfi müəyyən müddətdən sonra dəyişə bilər.
Septum əyriliyi bu normal dəyişkənliyi daha hissolunan edə bilər. Nəticədə pasiyent bəzən septumun əyr olduğu tərəfdən yox, qarşı tərəfdən daha çox tutulma hiss edə bilər. Bu da göstərir ki, pasiyentin “hansı tərəfim tutulur?” cavabı ilə anatomik müayinənin nəticəsi həmişə eyni olmaya bilər.
⸻
Çəpər əyriliyinin müxtəlif formaları vardır.

- Septal əyrilik müxtəlif formalarda ola bilər.
Məsələn:
* C-formalı əyrilik
- Septum bir istiqamətdə əyilərək burun keçidlərindən birini daralda bilər.
* S-formalı əyrilik
- Septum müxtəlif səviyyələrdə fərqli istiqamətlərə əyilə bilər. Bu zaman hər iki tərəfdə müəyyən dərəcədə daralma yarana bilər.
* Lokal qığırdaq əyriliyi
- Problemin əsas hissəsi septumun ön qığırdaq hissəsində yerləşə bilər.
* Arxa septal əyrilik
- Əyriliyin əsas komponenti burunun daha arxa hissəsində yerləşə bilər.
* Septal spur
- Septumun müəyyən hissəsində sümük-qığırdaq çıxıntısı yaranaraq lokal daralma yarada bilər.
* Bu fərqlər əməliyyatın planlaşdırılmasına birbaşa təsir edir.
⸻
Burun çəpərin ön hissəsi niyə xüsusi əhəmiyyət daşıyır?

- Burun çəpərinin ön hissəsi nəfəsalma mexanizmi baxımından xüsusilə əhəmiyyətlidir. Çünki bu sahə burun girişinə və burun qapağı regionuna yaxındır. Buradakı əyrilik sadəcə septumu “ortadan çıxarmır”; eyni zamanda burunun ön hava keçidini daralda və bəzi pasiyentlərdə burun qapağı ilə birlikdə funksional problem yarada bilər.
- Bu səbəbdən septoplastika planlaşdırılarkən yalnız septumun orta və arxa hissəsinə baxmaq kifayət etmir. Septumun ön hissəsi, burun qapağı və lateral divarların vəziyyəti də qiymətləndirilməlidir.
⸻
Burun çəpəri əyriliyi ilə burun qapağı (klapan) problemi eyni şey deyil

- Bu fərqi bilmək çox vacibdir. Septum problemi — burun boşluqlarını ayıran septumun strukturunun əyriliyi ilə əlaqəlidir. Burun qapağı problemi — burun hava yolunun ən kritik daralma sahələrindən birində struktur və ya dinamik problemdir. Bəzi pasiyentlərdə hər ikisi eyni vaxtda mövcud olur.
Məsələn:
- Septum əyriliyi + burun qapağı darlığı olan pasiyentdə yalnız septumun düzəldilməsi nəfəsalmanı tam yaxşılaşdırmaya bilər.
- Ona görə də “KT-də çəpər əyridir” nəticəsi təkbaşına bütün nəfəsalma problemini izah etmir.
⸻
Turbinatlar da nəzərə alınmalıdır ( Balıqqulaqları , burun ətləri )

- Burun çəpərinin qarşı tərəfindəki burun boşluğunda aşağı turbinatın nisbi böyüməsi də hava keçidini azalda bilər. Bu, xüsusilə uzun müddət davam edən septal asimmetriyalarda klinik əhəmiyyət qazana bilər. Lakin burada da məqsəd sadəcə “turbinatı ( burun ətini ) mümkün qədər kiçiltmək” deyil.
- Turbinatlar burunun fizioloji funksiyalarında iştirak edir. Buna görə müdaxilənin məqsədi hava yolunu yaxşılaşdırmaqla yanaşı, funksional toxumanı qorumaqdır.
⸻
Burun çəpəri əyriliyinin əlamətləri
- Septum əyriliyi bəzi insanlarda heç bir simptom yaratmır. Simptom olduqda isə aşağıdakılar müşahidə edilə bilər:
• bir və ya hər iki tərəfdən burun tutulması;
• burundan nəfəsalmanın çətinləşməsi;
• xüsusilə gecə nəfəsalmanın pisləşməsi;
• fiziki aktivlik zamanı burundan kifayət qədər hava keçməməsi;
• ağızdan nəfəs alma ehtiyacı;
• burun quruluğu;
• təkrarlayan burun qanamaları;
• yuxuda səsli nəfəsalma.
- Lakin bu simptomların hamısı yalnız septum əyriliyinə xas deyil. Allergik və qeyri-allergik rinit, turbinat hipertrofiyası və digər burun patologiyaları da oxşar şikayətlər yarada bilər.
⸻
Burun spreyləri çəpər problemini düzəldə bilərmi?

- Burada vacib fərq var: Dərman septumun struktur əyriliyini düzəltmir. Lakin burun daxilində selikli qişanın şişkinliyi varsa, bəzi dərmanlar bu komponenti azaldaraq nəfəsalmanı yaxşılaşdıra bilər. Məsələn, allergiya və ya rinit komponentinin müalicəsi burun keçidini genişləndirə bilər. Bu səbəbdən bəzi pasiyentlərdə əvvəlcə konservativ müalicə sınanması məntiqli ola bilər. Əgər əsas problem struktur septal əyrilikdirsə və davamlı simptomlara səbəb olursa, anatomik problemi düzəltmək üçün septoplastika nəzərdən keçirilir.
⸻
Septoplastika nədir?
- Septoplastika burun çəpərinin funksional olaraq daha uyğun vəziyyətə gətirilməsi üçün aparılan cərrahi müdaxilədir. Əməliyyat zamanı əyriliyin xarakterindən asılı olaraq septumun sümük və qığırdaq hissələri:
• yenidən yerləşdirilə;
• forması dəyişdirilə;
• yalnız problem yaradan hissələri korreksiya edilə;
• lazım olduqda struktur dəstək qorunmaqla yenidən modelləşdirilə bilər.
- Əsas məqsəd burun hava yolunu yaxşılaşdırmaq və septumun dəstəkləyici funksiyasını qorumaqdır. Burada mühüm prinsip var: Septoplastikanın məqsədi mümkün qədər çox qığırdaq çıxarmaq deyil; problemi yaradan əyriliyi düzəldərkən burunun struktur bütövlüyünü qorumaqdır.
⸻
Septoplastika burunun formasını dəyişirmi?
- Klassik septoplastikanın əsas məqsədi xarici burunun formasını dəyişmək deyil. Lakin septumun müəyyən anatomik dəyişiklikləri burunun xarici skeleti ilə əlaqəli ola bilər. Bəzi mürəkkəb əyriliklərdə yalnız daxildən septumun korreksiyası kifayət etməyə bilər.
- Belə hallarda septoplastika rinoplastika və ya funksional rinoplastika ilə birlikdə planlaşdırıla bilər. Septoplastika və rinoplastikanın eyni əməliyyat zamanı kombinə edilməsi tibbi praktikada istifadə olunan yanaşmadır.
⸻
Nə zaman septoplastika əvəzinə funksional rinoplastika lazım ola bilər?
- Bu, xüsusilə septumun ön hissəsinin ciddi deformasiyasında və xarici burun skeletinin də prosesə qoşulduğu hallarda əhəmiyyətlidir.
Məsələn, pasiyentdə:
• burun skeletinin asimmetriyası;
• ön septal deformasiya;
• burun qapağının daralması;
• lateral divarın zəifliyi;
• əvvəlki travma;
• əvvəlki rinoplastikadan sonra struktur dəyişiklik
- varsa, sadə septoplastika problemin yalnız bir hissəsini həll edə bilər. Belə hallarda əməliyyatın məqsədi artıq yalnız “çəpəri düzəltmək” deyil, burunun bütün funksional skeletini yenidən balanslaşdırmaqdır.
⸻
Çəpər əyriliyinə diaqnoz necə qoyulur?
- Septum əyriliyinin qiymətləndirilməsi ilk növbədə klinik müayinədən başlayır.
Həkim:
1. pasiyentin nəfəsalma şikayətlərini dinləyir;
2. burunun xarici formasını qiymətləndirir;
3. burun daxilini müayinə edir;
4. septumun əyriliyinin yerini və formasını müəyyənləşdirir;
5. turbinatları qiymətləndirir;
6. lazım olduqda burun qapağını yoxlayır;
7. ehtiyac olduqda endoskopik müayinədən istifadə edir.
- Bəzi hallarda KT əlavə məlumat verə bilər, xüsusilə sinuslar və burun boşluğunun digər anatomik strukturları ilə bağlı suallar olduqda. Lakin hər septum əyriliyinin diaqnozu üçün KT mütləq tələb olunmur.
⸻
“KT-də burun çəpərim çox əyridir” — əməliyyat üçün kifayətdirmi?
- Xeyr. Bu, xüsusilə vacib məqamdır. KT anatomiyanı göstərir, lakin pasiyentin nə qədər narahat olduğunu və hava keçidinin gündəlik həyatına necə təsir etdiyini təkbaşına müəyyən etmir. Məsələn, görüntüdə ciddi əyrilik olan insan rahat nəfəs ala bilər. Əksinə, daha kiçik görünən struktur dəyişiklik başqa bir anatomik problemlə birlikdə ciddi simptom yarada bilər. Ona görə müasir yanaşmada radioloji görüntü + klinik simptomlar + fiziki müayinə birlikdə qiymətləndirilir.
⸻
Burun çəpər əməliyyatından sonra nəfəsalma dərhal yaxşılaşır?
- Əməliyyatdan sonrakı ilk günlərdə burun daxilində ödem və digər müvəqqəti dəyişikliklər səbəbindən nəfəsalma hətta əvvəlkindən pis hiss edilə bilər. Bu, erkən postoperativ dövrdə gözlənilə bilən vəziyyətdir. Toxumaların sağalması davam etdikcə burun hava yolu tədricən dəyişir. Septoplastikadan sonra nəticənin tam stabilləşməsi üçün vaxt lazımdır; Mayo Clinic toxumaların təxminən 3–6 ay ərzində müəyyən dərəcədə stabilləşdiyini, bəzi dəyişikliklərin isə daha uzun davam edə biləcəyini bildirir.
⸻
Septoplastikadan sonra nəfəsalma niyə yenə zəif qala bilər?
- Bu, pasiyentlərin tez-tez verdiyi suallardan biridir. Səbəb yalnız septumun yenidən əyilməsi olmaya bilər.
Məsələn:
• burun qapağı problemi;
• turbinatların böyüməsi;
• allergik rinit;
• selikli qişa xəstəlikləri;
• çapıq toxuması;
• digər anatomik darlıqlar
- nəfəsalma probleminin davam etməsinə səbəb ola bilər. Buna görə əməliyyatdan əvvəl bütün hava yolunun qiymətləndirilməsi vacibdir.
⸻
Çəpər əyriliyi baş ağrısı yarada bilərmi?
- Bu məsələ daha ehtiyatlı qiymətləndirilməlidir. Septum əyriliyi olan hər pasiyentin baş ağrısını septumla əlaqələndirmək düzgün deyil. Baş ağrısının çoxsaylı səbəbləri var. Bəzi hallarda septal deformasiya ilə burun daxilində müəyyən toxumaların təması və ya hava keçidinin pozulması arasında əlaqə müzakirə olunur, lakin konkret pasiyentdə baş ağrısının səbəbi ayrıca qiymətləndirilməlidir. Bir çox pasientimizdə bu məsələ ilə qarşılaşmışıq. İllərdir miqrenə görə müalicə alan bir çox pasientimizdə cəpər əyriliyi problemi həll olduqdan sonra baş ağrıları yox oldu.
⸻
Ən vacib məsələ: burun çəpərinin “düz olması” deyil
- Funksional burun cərrahiyyəsində məqsəd septumu rentgen və ya endoskopiyada mütləq geometrik olaraq ideal vəziyyətə gətirmək deyil. Əsas məqsəd: kifayət qədər hava keçidi + struktur stabillik + selikli qişanın qorunması + burun funksiyasının yaxşılaşdırılmasıdır. Bəzən anatomik olaraq tam ideal olmayan septumla pasiyent çox yaxşı nəfəs ala bilər.
Əksinə, septum daha “düz” görünsə belə, burun qapağı və ya digər strukturlarda problem qalırsa, pasiyent nəfəsalmadan tam razı qalmaya bilər.
⸻
Nəticə
* Burun çəpəri əyriliyi çox yayılmış anatomik xüsusiyyətdir, lakin onun mövcudluğu avtomatik olaraq xəstəlik və ya əməliyyat göstərişi demək deyil. Əsas məsələ əyriliyin pasiyentin burun tənəffüsünə real təsiridir.
* Düzgün qiymətləndirmə zamanı yalnız septuma deyil, burun qapağına, turbinatlara, burun skeletinə və selikli qişanın vəziyyətinə də baxmaq lazımdır.
* Septoplastika struktur problemi düzəltmək üçün effektiv cərrahi üsuldur, lakin hər burun tutulmasının cavabı deyil. Əgər problem bir neçə anatomik səviyyədədirsə, daha geniş funksional cərrahi plan tələb oluna bilər.
* Burun çəpəri əyriliyinin müalicəsində əsas prinsip “çəpəri düzəltmək” yox, pasiyentin nəfəsalma probleminin səbəbini dəqiq müəyyən edib həmin səbəbə uyğun müdaxilə etməkdir.
Məqalənin Müəllifi: MD.PhD.Dr Alif Huseynzade